Axtarış

Select theme:

Artan dezinformasiyanın mediaya təsiri jurnalistlərdə dərin narahatlıq yaradır

Süni intellektin jurnalistika və kütləvi kommunikasiyaya təsirini qiymətləndirən bir araşdırma təəccüblü nəticələr ortaya qoyub. Belə ki,  İstanbul Nişantaşı Universitetinin İqtisadiyyat, İnzibati və Sosial Elmlər fakültəsi “Yeni Media və Kommunikasiya” kafedrasının müəllimi, professor Dr. Aykut Arıkan tərəfindən hazırlanan "Kütləvi İnformasiya Vasitələrində süni intellekt və aqoritmik transformasiya" adlı məqalədə "jurnalistlərin 54,3%-i yaradıcılığın və orijinal jurnalistikanın itməsindən, 51,4%-i tənqidi düşüncə bacarıqlarının aşınmasından və 49%-i dezinformasiyanın artmasından dərin narahatlıq duyur" – deyə bildirilib.

“TRT Akademiyası” jurnalında dərc olunmuş bir araşdırmada qeyd olunur ki, 2022-ci ilin sonlarında “ChatGPT” və oxşar Böyük Dil Modellərinin (LLM) geniş yayılması jurnalistika, ictimaiyyətlə əlaqələr və ümumi məzmun istehsalında ciddi bir transformasiyaya səbəb olub. Kütləvi kommunikasiyadakı bu rəqəmsal transformasiya xəbərlərin dəqiqliyi, əqli mülkiyyət hüquqları, sosial qütbləşmə və izləyicilər arasında korporativ etimadla bağlı etik böhranlar da gətirib.

Thomson Reuters Fondunun (TRF) jurnalistlərlə bağlı apardığı araşdırmaya istinad edən məqalədə jurnalistlərin 81,7%-nin işlərində müntəzəm olaraq süni intellekt vasitələrindən istifadə etdiyi aşkar edilib.

Məqalədə süni intellektin mətbuat dünyasına gətirdiyi yeniliklər aşağıdaki kimi sadalanıb:

Qlobal təhlillər göstərir ki, xəbər agentliklərinin 73%-dən çoxu süni intellekt texnologiyalarını tətbiq edib. Jurnalistlər süni intellektdən məzmun redaktə etmək (55,3%), tərcümə (51,8%), tədqiqat və ideya yaratmaq (48,8%) və böyük məlumatların təhlili (42,9%) kimi vaxt və əmək tələb edən işlərdə istifadə ediblər.

Kütləvi informasiya vasitələrində alqoritmik inqilab jurnalistlərdə də peşəkar gələcəkləri ilə bağlı ciddi narahatlıqlar yaradır. Reportyorların 54,3%-i yaradıcılığın və orijinal reportajların itirilməsindən, 51,4%-i tənqidi düşüncə bacarıqlarının aşınmasından və 49%-i dezinformasiyanın artmasından dərin narahatlıq keçirir.

Rəyi soruşulan jurnalistlərin 32,2%-i süni intellektin bir gün onların da işlərini ələ keçirəcəyini düşünür.

Altı ölkədə isə oxucuların 12%-i tamamilə süni intellekt tərəfindən yaradılan xəbərləri istehlak edir.

Respondentlərin 26%-i əslində mövcud olmayan, lakin real görünən görüntülərin istehsalından narahatdır. Dezinformasiya, “əks-səda kameraları” (eco-chambers) və alqoritmik qərəzlilik kütləvi informasiya ekosistemində süni intellektin ən dağıdıcı aspektlərindən bəziləri kimi qeyd olunur. Buna heç şübhəsiz sintetik dezinformasiyanın istehsal və yayılma sürəti və rəqəmsal kommunikasiyada "əks-səda kameralarının" dərinləşməsi də daxildir.

Böyük Dil Modelləri təlim məlumatlarını internetdən götürür. Bu məlumatların 50%-dən çoxu ingilis dilindədir.

Media təşkilatlarının 13%-i süni intellektin istifadəsi ilə bağlı rəsmi, yazılı siyasətə malikdirlər. Jurnalistlərin 79,1%-i heç bir təlimat olmadan işləyir.

Kütləvi İnformasiya Vasitələri istehlakçılarının 60%-i xəbər platformalarında süni intellektin istifadəsi ilə bağlı müntəzəm olaraq açıqlama və ya xəbərdarlıqla qarşılaşmadıqlarını bildirirlər.

 

Oxşar məqalələr: